FELEKTEN QABAQ-DERD

Fələkdən Qabaq

Bizim göbəyimiz belə kəsilib,
Qəmə bürünmüşük bələkdən qabaq.
Anamız qorxudub, hər ağlayanda,
Cini tanımışıq mələkdən qabaq.

Torpaqdan duymadıq gülün ətrini,
Dostdan uca tutduq yadın xətrini.
Od oğlu, bilmədik odun qədrini,
Söndü ocağımız küləkdən qabaq.

Bu da bir ömürdü, axırı yoxdu
Papağı gedənin abırı yoxdu.
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik, fələkdən qabaq.

Dərd

Harda qaçıb gizlənirəm,
Soraq-soraqnan gəlir.
Dərd bizə qonaq gələndə,
Arvad-uşaqnan gəlir.

Hər sözümə dodaq büzür,
Dediyimi bəyənmir.
O, mənim özümü yeyir,
Yediyimi bəyənmir.

Əlini uzatma mənə,
Canım sənə sadağa.
Dərdim körpə uşaq kimi,
getməz özgə qucağa.


Yorumlar - Yorum Yaz